Erasmusla Portuqaliyada oxuyan xanımla MÜSAHİBƏ

Hər vaxtınız xeyir olsun, əziz oxucular! Xaricdə təhsil alanlar müsahəbələr seriyasında növbəti müsahibəni diqqətinizə təqdim edirəm. Gəlin Portuqaliyada Erasmusla oxuyan xanım müsahibimlə tanış olaq.  Читать далее

Реклама

DP ilə ABŞ-da təhsil alan tələbə ilə MÜSAHİBƏ

Huseyn Abdulla

Hər vaxtınız xeyir, əziz oxucularım! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində müsahibə mərhələsindən uğurla keçən daha bir  tələbə ilə müsahibəni təqdim edirəm. Əgər sizin də tanığınız tələbələr varsa, mənimlə əlaqə saxlaya bilərsiniz. Bu dəfə müsahibim Azərbaycanın perspektivli tələbələrindən olan Hüseyn Abdulladır.

—  Salam, hər vaxtınız xeyir olsun! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin və özünüz haqqınızda qısa məlumat verin.

-Salam! Adım Hüseyndir, 21 yaşım var, Bakıda doğulub böyümüşəm. 2011-ci ildə Sabunçu rayonu 72 saylı məktəb-liseyi qızıl medalla bitirmişəm.Ardından Prezident təqaüdçüsü kimi Qafqaz Universitetinin ingilis dilində olan “Sənaye Mühəndisliyi” bakalavr proqramına qəbul olmuşam və 2015-ci ildə oradan universitet Birincisi kimi məzun olmuşam. Nacizanə təhsil uğurlarımı sadalamaqdan, düzünə desəm, o qədər də xoşuma gəlmir, ancaq məsələ Xaricdə Təhsil üzrə Dövlət Proqramından gedirsə, məni tanımayan oxucuların fikirlərimi dəyərləndirməsi üçün bunun adekvat olduğunu düşünürəm.

-Hüseyn, təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

— İxtisasım üzrə dünyada ən yaxşı təhsil və tədqiqat imkanlarına sahib iki əsas region var deyə düşünürdüm. Bunlar ABŞ və Uzaq Şərq idi. Yerli dilinin ingilis dili olması, təhsil sisteminin struktur baxımından daha yaxın olması və daha beynəlxalq profilə sahib olması (həmçinin sosial cəhətlərdən də) səbəbindən hədəfi ABŞ olaraq müəyyən etdim.

  • Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

Hələ bakalavr ixtisasımı seçərkən də ağlımda Azərbaycan fokuslu bir düşüncə vardı: ölkə sənayesinin inkişafının növbəti mərhələlərində mühüm rollar icra etmək. Təbii ki, bu çox geniş bir əsasdır, ancaq bu bütün təhsil planlarımın xülasəsidir deyə bilərəm. İxtisasım üzrə istər proqramlarının, istərsə də tədqiqat işlərinin keyfiyyətinə görə ən çox fərqlənən universitetlərin bir neçəsindən qəbul təklifi aldım və nəzəri cəhətdən daha dərin proqrama sahib, daha hərtərəfli ixtisaslaşması və ABŞ-ın yüksək texnologiya sənayesi mərkəzi ilə iç-içə olması səbəblərinə görə University of California, Berkeley-i və onun “Sənaye Mühəndisliyi və Əməliyyatların Tədqiqi” magistr proqramını seçdim. Artıq təhsilimə iki həftədən çoxdur ki, başlamışam və seçimimdən hələki razıyam. Ümumiyyətlə, xaricdə təhsil arzusunda olanların təhsil alacaqları ölkə və universitetləri müəyyən edərkən hərtərəfli araşdırmaları, seçimlərinin ən uyğun olmasına özlərini də qarşılarındakıları da inandıra bilmələri zənnimcə çox önəmlidir.

  • İndi isı keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

-Müsahibəyə gedərkən ağlımda bir şey var idi, o da “Bu — həyatımın ən önəmli 15-20 dəqiqələrindən olacaq” idi. Çünki özüm üçün müəyyən etdiyim təhsil və karyera planlarım var idi və onlara gedən yol bu müsahibədən keçirdi. Komissiyada 3 nəfər iştirak edirdi, gizlilik prinsipinə görə adlarını sadalamağı uyğun görmürəm. Lakin müsahibə düzü gözlədiyimdən müsbət mənada fərqli keçdi. Hazırlaşarkən sahəmlə bağlı və daha ümumi nəzəri məqamları bir qədər təkrar etmişdim, lakin gələn suallar faktoloji yox, daha çox məntiqi və strateji əhəmiyyətli idi, hansı ki, bu, müsahibədən olduqca həzz almama səbəb oldu. Düşünürəm ki, yüksək akademik göstəricilərim, qəbul olduğum universitetin prestiji müsahibənin gedişatında rol oynadı, böyük ehtimalla ərizədəki inşam da həmçinin. Belə ki, müsahibə tamamilə ingilis dilində keçdi, və suallar əsasən sahəmlə bağlı əsas strateji, taktiki məsələlər, keçmişdən bu günə sənaye idarəetməsindəki yanaşmalar, xüsusilə həmin məqamların ölkə sənayesinə tətbiq imkanları, Azərbaycanda son illərdə qurulmuş sənaye müəssisələri, potensialları, problemləri məsələləri üstünlük təşkil etdi. Həmçinin, təbii ki, gələcək planlarımla bağlı çoxlu suallar oldu, bəzi məqamlarda psixoloji suallar da olurdu, hansı ki, hiss edirdim ki, məqsəd inşamda qeyd etdiyim planları həyata keçirməyə nə dərəcədə qərarlı olduğumu yoxlamaq idi. Ümumiyyətlə, zənnimcə müsahibədə verilən bir çox sualların məqsədi psixoloji möhkəmliyi və özünüifadə qabiliyyətini yoxlamaqdır, nəinki, doğru cavabı almaq.

  • Müsahibənin cavabı nə vaxt bəlli olur? Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

-Mənim müsahibəmin cavabı 2 həftədə bəlli oldu. Necə hazırlaşmaq barədə konkret tövsiyyələr vermək çətindir, çünki müsahibə komissiyası hər fərdin müsahibəsinə ayrıca hazırlaşır, bunu əminliklə deyə bilərəm. Belə olan təqdirdə, özünüzü komissiya sədri kimi düşünün, və bütün profilinizi eləcə də proqram haqda, seçim meyarları nə varsa qarşınıza toplayıb obyektiv baxın, özünüzü hansı cəhətlərdən bir qədər təzyiq altına sala bilərsiniz, düşünün. Üstünlükləriniz nələrdir, hamsının fərqindəsinizmi? Hansı çatışmazlıqlarınız var, onların əslində üstünlüklərə çevrilə biləcəyinə qarşınızdakını necə inandıra bilərsiniz? Siz bu ixtisası və universiteti, tam səmimi olaraq, niyə seçmişdiniz? İxtisasınız sizin fərdi və ölkənin inkişafı naminə nələr verəcəkdir, bunları özünüzdə qeyd edin. Sahənizdə ölkədə və dünyada baş verən ən son və diqqətəlayiq hadisələrlə maraqlanın. Ən əsası, inşa yazmaqda heç kəsdən kömək istəməyin. Saatlar sərf edin, yazın, pozun, ancaq bunu özünüz edin, bu minvalla bir namizəd kimi özünüzü tam dərk edəcəksiniz. Və intervyuda asanlıqla inşanıza istinad edə biləcəksiniz ki, bu həm qarşınızdakına məqsədlərinizdə dürüst olduğunuz hissi verəcək, həm də sizə məhdud çərçivədə yazı ilə ifadə edə bilmədiklərinizi çatdırmağa kömək edəcək.

  • Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək təhsilinizdə sizə uğurlar!

Mən təşəkkür edirəm. Ümid edirəm ki, nəzərdə tutulduğu kimi 2016-2020-ci illəri əhatə edən proqram da qəbul edilər. Həqiqətən də, xarici tələbələr ölkəmizdə belə bir proqramın mövcudluğunu eşidəndə təəccüblərini gizlədə bilmirlər, hətta müəllimlər də. Bu səbəbdən proqramdan ən məntiqli və məqsədyönlü şəkildə yararlanmalıyıq, daha yüksək nüfuzlu universitetlərə qəbul olmaq hədəf qoyulmalıdır, proqramda nəzərdə tutulan 5 il Azərbaycanda işləmə maddəsinə məcburiyyət, şərt qoşmaq kimi yox, elə hədəflərin əsas bir hissəsi kimi baxılmalıdır. Bu həm də ona görə vacibdir ki, yüksək reytinqli universitetlər öz ölkənizə, öz cəmiyyətinizə xidmət etmək istədiyinizi, bu barədə səlis planlarınızın olduğunu, böyük məsuliyyətlər almağa hazır olduğunuzu görəndə qəbul imkanlarınız daha da artır, çünki ən yaxşı universitetlər bəlkə də ən çox məzunlarının gördüyü işlərə görə tanınır. Hər kəsə gələcək təhsil və peşəkar karyerasında uğurlar!

Dövlət Proqramına inşa – NÜMUNƏ

images

Hər vaxtınız xeyir olsun, əziz oxucular! Bu günlərin aktual mövzusu olan «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində inşanın yazılması haqqında məlumat verəcəyik. Nəzərinizə çatdıraq ki, inşa elektron ərizə doldurarkən axırıncı əlavə olunur.

DP-nin saytında (http://xaricdetehsil.edu.gov.az/) sizə inşa bölməsində verilən suallara cavab yazın, əks halda elektron ərizə qəbul olunmaya bilər. Özünüz haqda, seçiminiz və əldə etdiyiniz təcrübə, həmçinin bu ixtisası oxuyandan sonra Azərbaycana qayıdıb hansı  töhfələr verəcəyinizi yazın. Əmin olun ki, inşanı digər inşalardan köçürmürsünüz və səlis Azərbaycan dilində yazırsınız. İnşanı yazdıqdan sonra  Azərbaycan dili müəllimindən və yaxud DP-dən uğurla keçmiş namizədlərdən inşanı yoxlamağı xahiş edə bilərsiniz.

Sonda DP-yə hələ də müraciət etməyənlər üçün inşa Nümunəsi təqdim edirik. İnşa Kamran Cavadova məxsusdur.


NÜMUNƏ

Bakalavr təhsilim ərzində “Biznes Maliyyəsi”, “Maliyyə Menecmenti” və “Qiymətli Kağızlar və İnvestisiya Analizi” dərsləri sayəsində maliyyə peşəkarlarınn hansı səhmlər və istiqrazlara, ölkə daxili və beynəlxalq maliyyə alətlərinə sahib olduqlarını, valyuta məzənnəsində və sahib olduqları varlığın qiymətində baş verən dəyişikliklərdən meydana gələn riski necə idarə etdikləri haqqında dərin biliklər əldə etdim. Dərslərə olan marağım isə, bir çox fakültədən fərqli olaraq yazılı keçirilən kollokvium və semestr imtahanlarında yüksək qiymət almağıma kömək olmuşdur. Bunlarla yanaşı, maliyyə dərslərini tədris edən müəllimimiz sayəsində iştirak etdiyim “İktisadi Politikaların Ekonomik Büyümeye Etkisi”, “Avrupa Krizi”, “Finansal Gelişmenin Ekonomik Büyümedeki Rolü”, “Azerbaycanda Sermaye Piyasasının Gelişimi” kimi maliyyə seminarlarını da qeyd etməliyəm. Əldə etdiyim bu imkanlar sayəsində maliyyə alətlərinin idarə olunmasının vacibliyini başa düşərək 4 illik bakalavr təhsilimi hazırda maliyyənin vacib mövzularından olan opsiyon konktraktları haqqında dissertasiyamı müdafiə edərək sonlandırdım. “Dayanak Varlık Fiyatının Opsiyon Fiyatı Üzerinde Etkisinin Analizi” adlı bitirmə işində opsiyon kontraktı priminin, opsiyonun üzərinə yazıldığı finansal varlığın bazarda formalaşan qiymətindəki dəyişkənliklərdən necə təsirləndiyi analiz edilmişdir. Araştırmam və gördüyüm dərslər mənə maliyyə alətlərinin nə qədər vacib olduğunu və Azərbaycanda əhali arasında məlumatsızlığı, maliyyə bazarlarının zəif inkişaf etməsi və investisiya fondlarının olmamasını diqqətə aldığımda magistr təhsilimi Maliyyə və İnvestisiyanın İdarə edilməsi ixtisası üzrə davam etdirməyi qərara aldım.

Təhsilimi tamamlayıb ölkəmə qayıtdıqdan sonrakı hədəfim isə, həm ölkə vətəndaşlarına həm də iqtisadiyyatımıza xeyir verəcək bir iş sahibi olmaqdır. Bir çox araşdırmalarımdan sonra Azərbaycana və onun əhalisinə maliyyə sahəsində ən çox faydanı ölkədə investisiya fondlarının qurulması layihəsində iştirak etmək və başlanğıc olaraq portfel meneceri kimi işə başlayıb, gələcək bir neçə il ərzində isə yaradılan fondun prezidenti kimi verə biləcəyimi düşünürəm.

İnvestisiya fondları Azərbaycan bazarı üçün əsaslı yenilikdir. Bu, idarəetmə şirkətlərinin, həmçinin investorların da marağındadır. Ümumiyyətlə, indi Azərbaycan belə institutların yaranmasına hazır olması bu peşənin sahibi olmam üçün məni daha da həvəsləndirmişdir. Belə fondlar kiçik sərmayədarlara vəsaitlərini səmərəli yerləşdirmək və vətəndaşların işgüzar fəallığını yüksəltmək imkanı yaradır. Sərbəst vəsaitlərini investisiya fondlarına etibar edəcək vətəndaşlar bank depozitləri  ilə müqayisədə daha çox gəlir əldə etmək imkanı qazanacaqlar: İnvestisiya fondlarının əsas üstünlüyü onların peşəkar menecerlər tərəfindən idarə olunmasıdır. Pulların peşəkar idarə olunması, risklərin bölünməsi, kiçik məbləğlə investisiya qoyuluşu imkanı, likvidlik, komissiya haqlarında qənaət və digər üstünlüklər belə fondları səhmdarlar  üçün cəlbedici edir. Fond vətəndaşların vəsaitlərini bir yox, bir neçə şirkətin səhmlərinə qoyur. Bu sahələr səhmlər, dövlətlərin və şirkətlərin istiqrazları, daşınmaz əmlak, qızıl, neft və sair ola bilər. İnvestisiya fondları, xüsusən, qiymətli kağızlar bazarında təcrübəsi olmayan potensial investorlar üçün maraqlıdır. Sərbəst vəsaiti olan, lakin riksləri dəqiq qiymətləndirə bilməyən kiçik investorlar maliyyəni investisiya fondarında yerləşdirməklə gəlir əldə edəcəklər.

İnvestisiya fondlarının yaradılması ölkənin qeyri-neft sektorunun inkişaf etməsinə və bu sahədə fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin maliyyələşməsinə müsbət təsir göstərməklə, ümumilikdə, ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşmasına təkan verəcək. Bundan başqa, böyük layihələr həyata keçirən  şirkətlər banklardan yüksək faizlə kredit götürməkdənsə, qiymətli kağızlar bazarından ucuz pul vəsaitləri əldə edə bilərlər.


DP-yə müraciət edən hər namizədə uğurlar! Bəyəndinizsə paylaşın ki, dostlarınız da görsün 🙂

Dövlət Proqramında müsahibəyə hazırlıq

Salam, hər vaxtınız xeyir olsun! Bu gün «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində müsahibəyə hazırlıq mərhələsindən danışacağıq. Elektron ərizəni doldurduqdan sonra sizin ərizə qəbul olundusa sizi müsahibə mərhələsi gözləyir. Müsahibəyə əsaslı şəkildə hazırlaşmaq lazımdır, çünki sizin proqramdan keçib-keçməməyiniz məhz bu mərhələdə göstərdiyinizdən asılı olacaq. Ona görə əvvəlcədən sizə verilə biləcək sullara cavabları hazırlamaq məqsədə uyğundur.

Namizəd DP-nin aşağıda sadalanan kriteriyalarına uyğun olmalıdır:

  • Təhsil alacağınız dili bilməlisiniz
  • Azərbaycan dilini səlis bilməlisiniz. Əks halda nə qədər uğurlu olsanız belə, müsahibədən keçməyə bilərsiniz.

İndi isə, ümumi suallara cavab axtaraq.

  • Müsahibəyə kimlər çağrılır?

Yalnız birinci mərhələdə Dövlət Proqramında iştirak qaydalarına uyğun namizədlərin sənədləri yoxlandıqdan sonra onlar fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunurlar. Sənədləriniz natamam olduqda və ya proqramda iştirak qaydalarına uyğun olmadığınız halda siz müsahibəyə çağırılmayacaqsınız və bu barədə sizə bildiriş göndəriləcəkdir.

  • Müsahibə hansı dillərdə keçirilir?

Müsahibə Azərbaycan dilində və namizədin xarici ölkədə təhsil alacağı müvafiq tədris dilində keçirilir.

  • Müsahibə harada və kimlər tərəfindən aparılır?

Müsahibə dövlət və rəsmi qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən aparılır.

Müsahibə zamanı verilən sualları 4 qrupa ayırmaq: seçiminiz haqqında, özünüz haqqında, ixtisas haqqında və Azərbaycana dair ümumi biliklər.

  1. Seçiminiz haqqında suallar qrupuna bu suallar aiddir
  • Nəyə görə bu ixtisası seçmisiniz
  • Hansı səbəblərə görə bu ölkə və universiteti seçmisiniz
  • Nəyə görə Komissiya sizi seçməlidir

Bu suallar cavabları əvvəlcədən hazırlayın və özünüzü itirməyin. Mütəxəssislərə və yaxud DP-dən uğurla keçənlərlə məsləhətləşmək heç də pis olmaz.

  1. İkinci qrup suallara bunlar aiddir:
  • Sizin xarakteriniz, keyfiyyətləriniz barəsində
  • CV-də qeyd olunan faktlar (diplom, treninq, kurs, olimpiadalar və s.) haqqında

Məsləhətdir ki, CV-də yoxlanıla bilən məlumatı yazasınız. Bir də qətiyyən yalan məlumat istifadə etməyin, çünki siz yüklədiyiniz sənədlərin düzgünlüyünə məsuliyyət daşıyırsınız.

  • İxtisas haqqında suallar

Bu sualları həm özünüz, həm də DP-dən sizin ixtisasınız üzrə müsahibədə olan namizədlərdən tez-tez verilən sullar, terminlər haqqında öyrənə bilərsiniz.

  1. Gələcək planlar haqqında suallar

Azərbaycana qayıtdıqdan sonra harada işləmək istəyirsiniz, dövlət və ya özəl sektorda, Azərbaycan üçün nə etməyi düşünürsünüz və s.

  1. Azərbaycan haqqında ümumi biliklər

Bu suallar məktəb və universitet vaxtı Azərbaycan haqqında keçdiklərimiz barəsində, Azərbaycanın atributları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ola bilər, çünki siz müsahibədən keçdiyiniz təqdirdə Azərbaycanı xaricdə təmsil etməyiniz nəzərdə tutulur.

Qeyd edək ki, müsahibə zamanı sizə çadırıcı suallar verilə bilər, sizin cavabı axıra qədər qulaq asmayıb başqasını verə bilərlər, bunlara hazır olmaq labüddür, çünki bu yolla Komissiya sizin hazırcavablıq qabiliyyətinizi də yoxlaya bilər.

Bütün namizədlərə bu mərhələdə uğurlar!

P.S. Yazını bəyəndinizsə paylaşın ki, dostlarınız da oxusun. 🙂

Dövlət Proqramında elektron ərizənin doldurulması – VİDEO-TƏLİMAT

xaricde tehsil

Hər vaxtınız xeyir, dəyərli oxucular! Bu dəfəki yazımda «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»na müsabiqə üçün elektron ərizənin doldurulması haqqında söhbət edəcəm. İlk öncə http://xaricdetehsil.edu.gov.az saytına daxil olub, orada  sağda yerləşən “Elektron ərizə” düyməsini sıxırsınız. Burada e-mail ünvanınızı və sonra isə şifrənizi daxil edib qeydiyyat keçirsiniz.
Bütün addımları necə keçmək lazımdır ətraflı olaraq bu VİDEO-Təlimatdan izləyə bilərsiniz http://bit.ly/1FD4Ns6

Bu linkdən isə Elektron ərizənin doldurulması dair təlimatı yükləyə bilərsiniz  http://bit.ly/1J7PLPX

Hər birinizə müsabiqədə uğurlar!

Notariusda sənədlərin sürətinin təsdiqlənməsi

notarius

Hər vaxtınız xeyir, dəyərli oxucularım! Bu dəfə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” (DP)çərçivəsində tələb olunan sənədlərin surətlərinin notariusda təsdiqlənməsi və qiymət haqqı barəsində yazacam.

Bildiyiniz kimi DP-ya müraciət edərkən magistrlər bu sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini hazırlamalıdırlar:

  • Xarici ali təhsil müəssisəsinə qəbul haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti (tərcüməyə ehtiyac yoxdur, amma universitet sizə qəbul haqqında sənədi göndərməlidir)
  • Müvafiq tədris dili imtahanının verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notarial qaydada təsdiq olunmuş surəti (TOEFL, IELTS və s.). Tərcüməyə ehtiyac yoxdur
  • Ali məktəbi bitirməyinizi təsdiq edən sənəd (diplom) və ya arayışla yanaşı əlavəsinin (transkript) notarial qaydada təsdiq olunmuş surəti
  • Hazırda ali məktəbdə təhsil alırsınızsa — təhsil aldığınız ali məktəbdən arayış və ən son transkript
  • Ümumvətəndaş pasportunun fotoşəkil səhifəsinin notarial qaydada təsdiq olunmuş surəti
  • Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti

İndi isə sənədlərin notariusda hansı qiymətlərə təsdiq olunduğunu qeyd etməyin vaxtıdır.

  • Xarici ali təhsil müəssisəsinə qəbul haqqında sənəd – 6 man
  • Dil imtahının verilmısi haqqında sertifikat (İELTS, TOEFL və s.) – 6 man
  • Diplom – 5 manat , transkript isə — 6 manat
  • Ali məktəbdən arayış — 5 manat, son transkript – 5 manat
  • Pasportun fotoşəkil səhifəsi – 6 manat
  • Hərbi bilet – 5 manat

Bu sənədlərin surətini özünüzdə saxlayın və tələb edildikdə Təhsil Nazirliyinə aparmaq lazımdır. Nəzərinizə çatdırım ki, Nazirliyə təqdim edilən sənədlər geri qaytarılmır.

Hesablama aparsaq məlum olur ki, bütün tələb olunan sənədlərin surətinin notariusda təsdiq edilməsi minimum 44 manat tələb edir. Hər birinizə uğurlar!

Tövsiyə məktubunun yazılması

letter of recommendation

“2007-2015-ci illərdə Azərbacan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müraciət üçün sizə təhsil aldığınız yerdən və ya iş yerindən 2 ədəd tövsiyə məktubu tələb olunur. Bu məktublar həm Azərbaycan, həm də ingilis dilində ola bilər. Məktubları sizi tanıyan şəxsin yazması məsləhətlidir.

Tövsiyə məktubunda mütləq verən şəxsin imzası və müvafiq qurumun möhürü tələb olunur. Universitetdən məktub alırsınızsa, onda birinci məktuba pedaqoq, daha sonra isə fakültənin dekanı imza atır. Daha sonra isə ümumi şöbəyə yaxınlaşıb orada möhür vurdura bilərsiniz.

Məsləhətlidir ki, Ümumi şöbənin iş rejimi ilə daha əvvəlcədən tanış olasınız ki, vaxta qənaət edə biləsiniz. Sənəd möhürləndikdən sonra siz Dövlət Proqramına (DP-yə) müraciət etmək üçün tövsiyə məktubunu skan etməlisiniz. http://xaricdetehsil.edu.gov.az/ saytına daxil olaraq “Elektron ərizə” yerinə keçməklə sənədi yükləyin.

Hamıya uğurlar!

P.S. Tövsiyə məktubunun nümunəsini  bura əlavə edirəm

tovsiyye mektubu Darabadi bloq

Sağlamlıq haqqında arayışı necə almalı?

arayish

Bu dəfəki yazımda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində lazım olan sənədlər sırasında Sağlamlıq haqqında arayış barəsində yazıram.

Siz bu sənədi əldə etmək üçün qeydiyyatda olduğunuz poliklinikaya getməlisiniz. Özünüzlə bir ədəd 3×4 şəkil, şəxsiyyət vəsiqəsi və hərbi bileti götürməyi unutmayın! “Qeydiyyat” yazılan yerə yaxınlaşaraq “Sağlamlıq haqqında arayışı harada əldə etmək olar” sualına cavab olaraq sizi terapevtin yanına göndərəcəklər.  Terapevt arayışı sizə verərək həkimlərin yanına göndərəcək:

  • Otorinolarinqoloq (el arasında LOR deyirlər)
  • Okulist (göz həkimi)
  • Cərrah
  • Nevroloq
  • Rentgen
  • Terapevt
  • Analizlər (qan, sidik, nəcis)

Bütün həkimlərdən bir-bir keçərək sonda yenidən terapevtə qayıtmaq lazımdır. Həkim sənədə imza atandan sonra onu baş həkimin yanına möhür vurmaq üçün  aparır. Möhür vurulandan sonra sizin sənəd hazırdır.

Bundan sonra siz Dövlət Proqramına (DP-yə) müraciət etmək üçün arayışı skan etməlisiniz. http://xaricdetehsil.edu.gov.az/ saytına daxil olaraq “Elektron ərizə” yerinə keçməklə arayışı yükləyin.

Hamıya uğurlar!