IELTS sınaq imtahanı vermək üçün kurslar – SİYAHI


Hər vaxtınız xeyir, dəyərli oxucular! Bu dəfə Bakıda fəaliyyət göstərən və IELTS sınaq imtahanı (IELTS mock exam) təşkil edən kurslar barəsində yazacam.

Yay aylarında çoxları istirahət etmək üçün paytaxt və ölkəni tərk edir. Ancaq bu və ya digər səbəblərə görə ölkədə qalmaq məcburiyyətində olanlar da var. Onlardan bəziləri ingilis dilini təkmilləşdirib IELTS imtahanını vermək niyyətindədirlər. IELTS imtahanı haqqında məlumat əldə etmək istəyənlər bu linkdən  istifadə edə bilərlər.

Bloqer olaraq ingilis dilində olan danışıq klubları haqqında məlumat toplayıb yazı dərc etmişdim. Bununla da bir çoxlarına lazım olan, lakin heç kimin yerinə yetirmədiyi işin öhdəsindən gəldim. İndiyə qədər həmin araşdırma bloqumda ən çox oxunan yazılardan biridir.

İndi isə IELTS imtahanı üçün hazırlıq məqsədi daşıyan sınaq imtahanları təşkil edən kurslara vaxt gəlib çatdı. Danışıq klublarında olduğu kimi, adıçəkilən bütün kursların təşkil etdiyi sınaq imtahanlarında şəxsən iştirak etmişəm. Bundan əlavə, hər sınaq imtahanında aldığım nəticəni də oxucularla paylaşacam. Yazıda kursları bir neçə parametrlərə görə qiymətləndirəcəm: ümumi qiymət, texniki hazırlıq, məzmun, əks-əlaqə. Başlayaq!

  1. Şəhid Pilot Təbriz Musazadə adına Təhsil və İncəsənət Mərkəzi – 01.07.17, qiymət – 8 AZN

Ümumi: İmtahanda 2 nəfər iştirak etməsinə baxmayaraq ümumilikdə yaxşı təşkil olunmuş imtahan idi. Digər iştirakçıları gözləməli olduğumuzdan imtahana yazılan vaxtdan gec başladıq.

Texniki hazırlıq:  Reading və writing bölmələrində sakitlik təmin olunmuşdu. Listening bölməsində isə nəzarətçi daima vəziyyətə nəzarət edirdi. Speaking bölməsinin təşkilində də çatışmazlığın olduğunu hesab etmirəm.

Məzmun: Sınaq imtahanın materialları xaricdə yerləşən universitetdən göndərilmişdi. Listening, reading və writing bölmələrinin standart olduğunu düşünürəm. Suallarım daha çox speaking bölməsinə aiddir, çünki burada daha çox müsahibə formatı hiss olunurdu. Cavab verdiyimdə tez-tez digər suallara keçid edilirdi.

Əks-əlaqə: Bu cəhətdən hər şeyin yüksək səviyyədə olduğunu deyə bilərəm. Cavablar qısa müddətdə açıqlandı, hətta sorğu etdiyim imtahanda yazdığım esse imeylə göndərildi, üstəlik digər bölmələrdə düzgün və yanlış yazdığım sualların sayı barədə mənə məlumat verildi.

Nəticə: Təcrübənizi artırmaq üçün bu Mərkəzin keçirdiyi sınaq imtahanında iştirak etmək yaxşı imkandır.

Əlaqə: http://bit.ly/2w2e4AT , http://bit.ly/2w0uuKy

Yığdığım bal: 7.0

Listening — 6.0

Reading – 7.0

Writing – 8.0

Speaking – 6.5

  1. Oxu Tədris Mərkəzi – 09.07.17, qiymət – 10 AZN

Ümumi: İmtahan elan olunduğundan 20-25 dəqiqə gec başladı. Bundan əlavə imtahanın nə vaxt başlayacağı barədə açıqlama olmadı. Üstəlik, imtahana gələnlərin sayı yoxlanılmadan sınaq imtahanına başlanıldı. Nəticədə listening bölməsinin bir neçə suallarını buraxmalı oldum. Qəzəbdən bir neçə dəqiqə özümə gələ bilmədiyimdən listening bölməsini çox aşağı səviyyədə işlədim. Sonda 3-4 dəqiqə yenidən verilsə də yalnız 2 suala qulaq asmaq mümkün oldu, lazım olan digər suallar üçün isə imkan verilmədi.

Texniki hazırlıq:  Listening bölməsində sakitlik təmin olunmamışdı. Tez-tez otağı tərk edib qayıdan nəzarətçi fikri bir yerə cəmləməyə mane olurdu. Su, karandaş və pozan təmin edilməmişdi. Speaking bölməsi üçün həmin gün ayrılmışdı. İmtahanı tez bitirənlərin olduğunu nəzərə alaraq, speaking-ə tez başlamaq olardı. Lakin bu məqam da diqqətdən yayınmışdı.

Məzmun: Xüsusilə listening bölməsində olan yazı çox bərbad səviyyədə idi və nəyisə eşidib ayırd etmək çətin idi. Digər bölmələr standarta uyğun idi. Speaking bölməsində suallar verən şəxsin tələffüzü kifayət qədər yüksək deyildi.

Əks-əlaqə: Cavablar sms vasitəsilə göndərilmişdir.

Nəticə: Sınaq imtahanında təcrübəniz yoxdursa bu kursun təşkil etdiyi imtahanda iştirak etmək məsləhət görülmür. Təcrübəniz varsa, onda aşağıdakı seçimləri nəzərdən keçirə bilərsiniz.

Əlaqə: http://bit.ly/2vu8FS8

Yığdığım bal: 6.0

Listening – 5.5

Reading – 6.5

Writing – 6.0

Speaking – 5.5

  1. CBS Language&Business School – 15.07.17, qiymət – 0 AZN

Ümumi: İlk dəfə idi ki, ödənişsiz IELTS sınaq imtahanında iştirak edirdim. Ona görə də gözləntilərim çox deyildi. Çox güman ki, təşkilatçıların təcrübəsizliyindən və imtahanın ödənişsiz olduğundan sınaq imtahanında iştirak etmək üçün çox insan gəlmişdi. İmtahanın 2 otaqda keçirilməsinə baxmayaraq, yerlər qısa müddət ərzində dolmuşdu. Təşkilatçılar gecikənləri gələn həftə qəbul edə biləcəklərini bildirdilər. Ödənişsiz imtahan təşkil etməklə diqqət çəkmək alınsa da, düşünürəm bəzi iştirak etmək istəyən şəxslər narazı olaraq imtahanı tərk etdilər.

Texniki hazırlıq:  Listening bölməsində başlayan kimi nasazlıq baş verdi. Bir neçə dəqiqədən sonra çətinlik aradan qalxdı. Sakitlik demək olar ki, təmin olunmuşdu. Speaking bölməsi həmin gün deyil, təxminən 10 gün sonra keçirildi. Bu barədə şəxsən gedib maraqlanandan sonra speaking bölməsinin vaxtı barədə zəng edib məlumat verəcəklərini bildirdilər. Su təklif edilməsə də, sorğuya görə karandaş və pozan verilirdi. Üstəlik bölmələr arasında olan fasilələrdə su, çay, kofe içmək və müxtəlif şirniyyatları dadmaq mümkün idi.

Məzmun: Listening bölməsi çox asan görünürdü. Digər bölmələr standarta uyğun idi.

Əks-əlaqə: Cavablar zəng vasitəsilə bildirilmişdir.

Nəticə: Sınaq imtahanlarında ilk addımlarınızı atırsınızsa, onda bu kursun təşkil etdiyi sınaq imtahanında iştirak edə bilərsiniz. Ümid edirəm təşkilatçılıq baxımından problem artıq aradan qalxıb.

Əlaqə: http://bit.ly/2wFsuot

Yığdığım bal: 7.0

Listening – 6.5

Reading – 7.0

Writing – 7.5

Speaking – 8.0

  1. Lead İnternational – 22.07.17, qiymət – 10 AZN            

Ümumi: Sınaq imtahanı gecikənlərə görə nəzərdə tutulduğundan 10 dəqiqə sonra başladı. Hər şeyin diqqət mərkəzində olduğu rahat sezilirdi. Nəzarətçi xanım çox qeydkeş idi və istənilən yardım etməyə hazır idi. Speaking bölməsi də həmin gün keçirildi. Bundan əlavə hamıya speaking-in vaxtı əvvəlcədən təyin edilib kağızda qeyd edilmişdi.

Texniki hazırlıq:  Listening bölməsində ara-sıra otağa girib çıxan olduğundan bir az qıcıqlanırdım. Tapşırıqlar isə Oxu Tədris Mərkəzində olan sınaq imtahanı materialları ilə eynilik təşkil edirdi. Özümü və audioyazını yoxlamaq üçün testi bir daha keçdim. Lakin reading və writing bölmələrində nəzarətçi xanımdan tapşırıqların dəyişilməsinin mümkün olub olmadığını sorğu etdim və müsbət cavab aldım. Təxminən 15 dəqiqədən sonra yeni tapşırıqlar gətirildi və əlavə vaxt verildi. Speaking bölməsi standart başlasa da, daha sonra maraqlı söhbət və ya müsahibə formatına keçdi. Su, salfet, karandaş və pozan masaların üstünə düzülmüşdü.

Məzmun: Standart sınaq imtahanı tapşırıqları idi.

Əks-əlaqə: Cavablar kursun feysbuk səhifəsində paylaşılmışdı. İmtahan vaxtı verilən kodu xatırlamadağımdan xahiş etdim kodumu mənə göndərsinlər. Kodu qısa müddətdə bildirdilər.

Nəticə: Sınaq imtahanında iştirak etmək istəyirsinizə əmin olun ki, bu kursun təşkil etdiyi imtahandan qeydiyyatdan keçmisiniz. Təşkilatçılıq yüksək səviyyədə olduğundan imtahanda iştirak etməyə dəyər. Bundan əlavə, cəlbedici faktor kimi ən çox bal yığmış  ilk 3 yerin sahibinə 15%-dən 50%-ə qədər endirimlər təklif edilir. Endirimdən yararlanmaq istəsəm də, büdcəyə uyğun olmadığını aşkar etdim. Sizə izə öz şansınızı sınaya bilərsiniz!

Əlaqə: http://bit.ly/2w2emHS

Yığdığım bal: 6.0

Listening – 5.5

Reading – 6.0

Writing – 6.0

Speaking – 6.0

  1. Upper Education – 22.08.17, qiymət – 5 AZN

Ümumi: İmtahan bazar günü saat 10:30-da keçirilməli idi. Ancaq naməlum və açıqlanmayan səbəblərdən imtahan yalnız saat 11:00-da başladı. Otaq balaca və dar olduğundan diskomfort hissi keçirmək mümkün idi.

Texniki hazırlıq:  Listening bölməsində başlayan kimi dayanma baş verdi. Səbəbin internetlə olması ilə bağladılar. Düşünürəm ki, ehtiyat baxımından hər şey offlayn hazır edilməli idi və internetdən asılılığı minimuma endirmək mümkün idi. Yalnız mən xatırladandan sonra mənə sms-lə speaking-in vaxtı barədə məlumat verildi. Su, salfet təklif olunmamışdı. Karandaş və pozan tapmaq mümkün idi. İmtahan vaxtı bitəndən sonra imtahan haqqında iştirakçıların fikirlərini yığmaq üçün vərəqlər paylanıldı. Orada öz qeydlərimi etdim.

Məzmun: Standart sınaq imtahanı tapşırıqları idi. Speaking bölməsindəki imtahan götürən tələsdiyinə görə vaxta qənaət etdi və texniki fasilələri də əsas vaxta aid etdi.

Əks-əlaqə: Dediyim kimi, belə fərz etmək olar ki, imtahandan az qala bir həftə keçəndən sonra speaking-in vaxtını təyin etmək barədə niyyətləri yox idi. Yalnız mən yazıb xatırladandan sonra vaxt təyin edildi. Speaking-ə 2 saat qalmış mənə sms sonra da zəng gəldi ki, vaxtı dəyişdirək. Nəticələr feysbuk səhifəsində 10 gün sonra dərc olunmuşdu. Xahiş edəndən sonra mənə kodumu xatırlatdılar.

Nəticə: Sınaq imtahanında təcrübə toplamaq mümkündür. Ancaq qərar verməmişdən qabaq bu yazını və digər rəyləri nəzərdən keçirmək lazımdır.

Əlaqə: http://bit.ly/2vyZej3

Yığdığım bal: 6.5

Listening – 6.5

Reading – 6.5

Writing – 6.0

Speaking – 7.0

  1. Barattson — 07.17, qiymət – ödənişsiz/39 AZN

Ümumi: İmtahan bazar günü keçirilirdi və əvvəlcədən gecikənlərin buraxılmamağı barədə məlumat verilmişdi. Ona görə vaxtından əvvəl gəlməyə çalışın. İmtahanın keçirilməsi barədə feysbuk səhifəsində və aidiyyəti qrupda məlumat verildikdən sonra ödənişsiz yerlərə qeydiyyatdan keçməyə tələsin. Ödənişsiz yerlərə düşə bilsəniz onda 39 AZN depozit ödəyib (nağd və ya onlayn) imtahanda iştirak edirsiniz. Speaking olan günü isə çek vasitəsilə ödənişiniz geri qaytarılır. Ödənişsiz yerlərdə qeydiyyatdan keçə bilməyənlər isə 39 AZN ödəyirlər və bu məbləğ geri qaytarılmır. İmtahanda lazım olmayan lakin özünüzlə olan ləvazimatlar götürülür və bir yerdə saxlanılır. Əvəzində isə sizə nömrə verilir. İmtahan bitdikdən sonra həmin nömrə ilə əşyalarınızı geri götürə bilərsiniz. İmtahana daxil olmamışdan əvvəl şəkliniz çəkilir. İmtahandan sonra Test Report Form hazırlanır və müəyyən gün və saatlar ərzində yazdıqlarınıza baxmaq imkanı verilir.

Bundan əlavə imtahanda yüksək nəticələr göstərənlər 40 AZN, 150 AZN və 350 AZN məbləğində investisiya kartı əldə edirlər. Həmin kartla ən azı 3 ay müddətində kursda məşğul olduğunuz dövrdə endirim qazanırsınız.

Daha bir fürsət imtahan günü bütün iştirakçılara təqdim edildi. Bu fürsət Barattmanats-50 adlı kartın verilməsindən ibarət idi. Bu kart 15.08.2017-ci il tarixinə qədər IELTS imtahanı üçün qeydiyyatdan keçənlərə 50 AZN qənaət etməyə imkan verir. Həmin məbləği kurs ödəyir. Yeganə məqam ondan ibarətdir ki, qeydiyyatdan Barattson IELTS İmtahan Mərkəzindən keçmək lazımdır. Əks halda kartdan istifadə etmək mümkün deyil.

İmtahanın əsas hissəsi bitdikdən sonra imtahan haqqında qeydlərin götürülməsi məqsədilə vərəqlər paylanılır. İmtahan haqqında fikirləri, rəy, təklif və şikayətləri oraya qeyd edə bilərsiniz.

Texniki hazırlıq:  Sınaq imtahanı əsas imtahana çox yaxındır. Lazım olan bütün ləvazimatlar sizdən götürülür, həmçinin mobil telefonlar (hətta su butulkası da). Su, karandaş, pozan, salfet masanın üzərində idi. Bundan əlavə digər kursların təklif edə bilmədiyi qulaqcıqlar masanın üzərində var idi. İmtahana 2 nəfər nəzarət edirdi və komanda şəklində öz işlərini görürdülər. Hər şey saat kimi işləyirdi və sizə yalnız imtahana cəmlənib verilən tapşırıqları yerinə yetirmək qalırdı. Speaking vaxtı əvvəlcədən təyin olunmuşdu və istəyə görə dəyişmək imkanı mövcud idi.

Məzmun: Standart imtahan tapşırıqları idi. Speaking bölməsini götürən şəxs səhvləri təhlil edib yerindəcə mənə bildirdi.

Əks-əlaqə: Speaking-dən sonra depozitin geri qaytarılması barədə xatırlatmaq yadımdan çıxdığından sabah yenidən kursa yaxınlaşdım və tez bir zamanda depoziti geri aldım. Məsləhətim imtahan üçün onlayn deyil, nağd ödəniş edəsiniz.

İmtahan nəticələri 8 gün sonra feysbuk səhifəsində və aidiyyəti qrupda açıqlandı. İnvestisiya kartı barədə telefonla sorğu etdiyim məlumatlar mənə bildirildi.

Nəticə: İmtahan həyəcanı yaşamaq istəyirsinizsə onda bu kursun təşkil etdiyi sınaq imtahanında mütləq iştirak etmək lazımdır. Əsl imtahandan qabaq bu sınaq imtahanında iştirak etmək uyğunlaşma, öyrəşmə, vaxtın idarə edilməsi və həyəcana qalib gəlmə baxımından çox faydalı ola bilər.

İnvestisiya kartından mən müəyyən səbəbdən istifadə etməmək qərarı verdim. Seçim sizdən asılıdır.

Barattmanats-50 kartını isə digər şəxsə ötürmək mümkün olduğundan mən belə də etdim.

Əlaqə: http://bit.ly/2w2s7X0

Yığdığım bal: 7.0

Listening – 8.0

Reading – 6.0

Writing – 7.0

Speaking – 7.0

P.S. IELTS imtahanı ilə bağlı sual vermək istəyən şəxslərin diqqətinə bir məqamı çatdırmaq istəyirəm ki, feyk (bot, özünün şəkli olmayan) akkauntların ismarıclarına cavab verməmək hüququnu özümdə saxlayıram. Digər şəxslərin ismarıclarına isə imkan və vaxtım çərçivəsində cavablandırmağa çalışacam.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s