Qanlı Yanvar hadisələrinin şahidi ilə MÜSAHİBƏ


Bəxtimşah Tağıyeva: «Mənim ağlamaqdan tutulmuş gözlərimdən yaş gəlmədi»

Həyat qəribəliklərlə doludur, insan dünyaya gələrkən onu nə gözlədiyini bilmir, nələrlə qarşılaşacağını, yaxşımı pismi olacağını bilmir. Böyüdükcə həm ətrafdakıların münasibəti, həm insanı özünün özünə münasibəti dəyişir, hətta həyat yolunu belə dəyişdirir. Bir məsələni yazmaq istəyirəm. Qoy gənclər indidən bunu bilsin. Hansı ailədə hamının şəxsi işləriylə maraqlanan varsa o adamdan qaçın, qoy sizin şəxsi həyatınızı təsir maraqları arasına sala bilməsin, yoxsa bütün həyatınız cəhənnəmə dönəcək.

Orta məktəbdə oxuyarkən ən böyük zirvələri fəth edəcəyimi inanırdım. Çılğın, tez inciyən, hər sözdən özümdən çıxan, mübariz, döyüşkən bir insandım. Ali məktəbləri qurtarıb (həm də əla, daha sonra 2 başqa institutları da) xalqıma, dövlətimə lazımlı insan olacağıma inanırdım. Mən 90-cı illərdə orta məktəbdə müəllim işləyirdim. Partiya təşkilat katibi olduğumçün məktəbin bütün işləri (tədbirlər, karnavallar, gəzintilər) mənim iştirakımla həyata keçirilirdi. Məktəbdə Xalq Cəbhəsinin özəyini yaratmışdım və indiki Xəzər (Əzizbəyov) rayonunda NTK sədriydim, cəbhədə baş verən bütün prosesləri rayonda məlumatlandırır, lazım gələn tədbirləri keçirirdik.

1990-ci ilin 20 yanvarından illər keçdikcə mən də o illərdə gördüyüm işləri yada saldım, gördüm ki, hərəkatda olarkən elədiyimiz fəaliyyətlər yuxu kimidir, bəlkə də bəziləri (gördüyümüz işlərə) inanmayacaq. Axı o illərdə bütün hadisələrin mərkəzində mən və dostlarım dururdu. Xalq Cəbhəsi yaranmazdan əvvəl 1988-ci ildə “Meydan” hərəkatı zamanı mən Azadlıq Meydanında belə bir təşkilatın yaranmasının labüdlüyünü insanlara izah edir, təşkilatın struktuturunu başa salırdım. Hətta “Meydan” filmində mənim gördüyüm işlər, fəaliyyətlərim filmə çəkilmişdir. 20 yanvar hadisələrinin niyə baş verdiyini izah etmək üçün o günlərə qayıtmalıyam.

1988-ci il “Meydan” hərəkatı zamanı mən də başqaları kimi meydandakılara hər cür köməklik göstərirdim. Sonra isə dostlarımızı tək qoymamaq və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq üçün meydanda gecələməli olduq. Mənə elə gəlirdi ki, mən bütün bunların öhdəsindən gələ bilərəm. Bir növü polis kimi hamı yatana qədər gəzib ara qarışdıranları, meydandakılara ləkə yaxmaq istəyənləri ordan uzaqlaşdırırdıq. Hətta bir neçə dəfə gecə soyuqda üşüməmək üçün hökümət evinin polislərini yola gətirib onlardan xeyli odun almışdım. Sonra fövqəladə vəziyyət elan edildikdə saat 10-dan sonra heç kəs meydandan çıxa bilmirdi, əks halda tuturdular və Meydan tanklarla əhatə olunmuşdu. Əli dəyənəkli əsgərlər isə tanklarla meydanı dövrəyə almışdılar.

Yadımdadır bir dəfə rus mayoru ilə mübahisə elədim və bildirdim ki, biz evə getmək istəyirik. O isə dedi ki, siz 1 metr meydandan aralanan kimi sizi həbs edəcəyəm. Mən isə onu ələ salmaq üçün dedim, dünyanın qəribə sərhədləri var, meydandan çıxan kimi həbs olunuruq, meydanda isə biz sərbəstik və istədiyimizi deyə bilərik. Mən həmişə meydanda səhər tezdən durur, özümü səliqəyə salır, bəzənirdim,  baxanlar hiss etmirdi ki, mən meydanda gecələmişəm. Lakin yaxınlarımı qoyub evə gedə bilmirdim: qorxurdum ki, mən olmayanda qorxulu hadisə baş verə bilər, sanki mən bunun qabağını ala bilərdim. Meydanı dağıdacaqları gün dostlarımdan biri məni və ətrafımdakıları zorla evə apardı, dedi sabah qayıdarıq bu gün evdə dincələk sonradan bildim ki, o meydana ordu girəcəyini bilirdi və onu da bilirdi ki, mənə bildirsəydi mən evə getməzdim. Səhər tezdən meydanın dağıdıldığını eşitdik, bizim televizor və digər əşyalarımız meydanda qaldı.

Meydan hərəkatından sonra biz gizli fəaliyyətə keçdik, görüş yerlərimizi hər dəfə dəyişirdik, vərəqələr yazıb metrolara başqa yerlərə yapışdırırdıq, sübut etməyə çalışırdıq ki, başçılar tutulsa da xalq cəbhəsi fəaliyyət göstərir. Sonra xalq cəbhəsinin yaradıldığı elan olundu. Bütün rayonlarda rayon şöbələri yaradıldı. Mən Əzizbəyov (indiki Xəzər) rayonunda işlədiyimdən rayonun nəzarət təftiş komitəsinin sədri seçildim. Özüm Türkandakı 268 saylı məktəbdə müəllim işlədiyimdən məktəbdə xalq cəbhəsinin bölməsini yaratdım. Kəndin bütün sakinləri bizimlə işləyirdi. Üzvlük haqlarını yığmağa məktəbin dərs hissə müdirini təyin etmişdim. Sonrakı hadisələr göstərdi ki, mən bütün bu addımları düzgün etmişəm. Pulun uçotu məndə olsaydı məni ləkələmək asan idi, mən ideoloji rəhbər idim, bütün informasiyaları mən verirdim, rayonun bütün kəndlərini gəzir cəbhənin bölmələrini yaradır, iclaslar keçirirdik. Rəsul və başqaları mənə yardım edirdi, meydan həkatından bütün azərbaycanlılar onu tanıyırdı.

Əzizbəyov rayon Xalq Cəbhəsinin sədri Nəsib seçilmişdi, ancaq onun fikri başqaydı, o bakılı-rayonlu deyə insanları bölür, Xalq Cəbhəsinin fəaliyyətinə ləkə gətirirdi. Buzovnada keçirilən iclasların birində o Bakı kəndləri adından danışdı və Elçibəyin, Etibarın (Məmmədov), Nemətin (Pənahov), Məmmədin dalınca danışıb onlara qara yaxmağa çalışdı. Mən həmin iclasda iştirak edən yeganə qadın idim və iclasın katibiydim, çılğın olduğumdan söz almadan onun əleyhinə çıxdım, bütün bunları mərkəzə çatdıracağımı söylədim. Sanki gölə yekə bir daş atdılar aləm bir-birinə dəydi hamı çıxıb müxtəlif təkliflər irəli sürdü. Hətta cəbhənin başına Nəsib keçməliymiş. Mən iclasdan yarımçıq çıxdım, onlar məni öldürmək istədilər. İki nəfər önə keçib qadına əl qaldıracaqsız, bəs sonra nə olacaq, kim sizi dəstəkləyər dedilər. Bundan sonra onlar məni buraxdılar və mən dostlarımla şəhərə qayıtdım. Axşam saat 11-ə qalırdı evə getdim sabahısı işdən sonra Etibara və Elçibəyə baş verənləri danışdım. Onlar fikirləşib sonrakı addımları müəyyənləşdirdilər. Xalq cəbhəsinin qurultayı yaxınlaşırdı nümayəndələr seçilirdi, hər rayonda konfranslar keçirilirdi, Nəsibin bütün adamları tapança ilə silahlanmış və hamını nəzarətdə saxlamaqlarına baxmayaraq qurultaya rayondan başqa adam nümayəndə təyin olundu.

Yaxşı yadımdadır, 1989-cu ilin dekabr ayının 15-də vəziyyət gərginləşmişdi. Artıq bir neçə gün idi ki, pis xəbərlər gəlirdi. Rus qoşunlarının şəhəri mühasirəyə aldığı, əhalini qıracaqları, hamını tutacaqları söylənilirdi. Məktəbdə müəllim işləyirdim, artıq uşaqlar da müəllimlər də dərsə gəlmirdi. Mən geri qayıdarkən Türkana girişdə, Qala kəndində, Zirənin girişində, Mərdəkanın girişində, o zamankı Komsomolski dairəsində blokadalar qurulmuşdu. Insanlar maşın təkərləri, odunlar, bir sözlə əlinə keçənləri yığıb maşınların yolunu bağlamışdılar zorla əziyyətlə Əzizbəyova gəlib çatdim və fikirləşdim ki, artıq məktəbə getməyə dəyməz, bir halda yollar bağlı və heç kim də dərsə gələ bilmir.

Azərbaycan xalqı meydan hərakatı zamanı müstəqillik istəyirdi, ancaq bir məsələ var ki, biz tələsirdik, çünki o vaxt Sovet imperiyası dağılmaq üzrəydi və bildiyimiz kimi imperiya sonradan dağıldı və tərkibində olan hər bir dövlətə müstəqillik verildi. Lakin bu vaxt imperiya başqalarına görk olsun deyə bizi cəzalandırmışdı, yəni Qara 20 Yanvarı törətdi. Imperiyanın əli ilə Qarabağ və Azərbaycanın 20 faiz torpaqları ermənilərə hədiyyə olundu. 25 il keçməyinə baxmayaraq hələ də torpaqlarımız düşmən əlindədir.

Azərbaycan xalqı mübariz, döyüşkən xalqdır. Mən məhz o illərdə bunun şahidi oldum. Hələ 20 yanvar faciələrindən qabaq hadisələrin gedişi faciələrin olacağından xəbər verirdi. Meydanda dar ağaclarının qurulması, dövlət strukturlarının fəaliyyətsizliyi, aşağıların idarə oluna bilməməsi, qəbul olunan qərarların yerinə yetirilməməsi sovet sisteminin başında duranları sistemi qorumaq üçün ölçü götürməyə məcbur etdi. Qorbaçov və onun tərəfdarları Azərbaycandakı xalq hərəkatını qiyam adlandırdı və onu yatırtmaq üçün ermənilərdən ibarət qoşun dəstəsi göndərildi. Onlar isə bir neçə gün şəhəri əhatəyə alaraq xalq cəbhəsinin liderlərinə danışıqlara başladılar. Ancaq heç kəs geri çəkilmək istəmirdi. Liderlər isə əsgərlərin xalqa atəş açacağına inanmırdılar. Primakov Xalq Cəbhəsinin liderlərinə yanvarın 19-u günü şəhəri təmizləyəcəklərini bildirmişdi. Onlar isə bunu xalqdan gizlətmişdilər.

Ayın 19 –u mən axşam evə gəlib çörək yeyərkən 19-45-də televizorun verilişləri dayandırıldı, mən başa düşdüm ki, vəziyyət gərginləşib, geriyə yol yoxdur. Tez evdən çıxıb cəbhənin qərargahına getdim ki, vəziyyəti dəqiq öyrənim. Yolda cəbhənin taksisi (o vaxt taxsilərin əksəriyyəti xalq cəbhəsinə pulsuz xidmət göstərirdi, bayraq asırdılar və bizi tanıyırdılar) təsadüfən məni Təbriz küçəsində yerləşən Səttarxan adına maşınqayırma zavoduna gətirdi və orada gördüklərimi indiyədək unutmamışam. Orada tanıdığım gənclərin əllərində armaturlar vardı və mən ağlaya-ağlaya onlardan soruşdum ki, əgər tank gəlsə siz bunlarla nə edə bilərsiniz? Məni inandırmaq istədilər ki, narahat olmayım, heç bir hadisə olmayacaq.

Mən göz yaşlarımı tökə-tökə qərargaha getdim və asayişə nəzarət edən M.Ə.-yə gördüklərimi danışdım və xahiş etdim ki, faciələrə yol verməsinlər. O da məni arxayın etdi ki, qorxma heç bir şey olmayacaq. Lakin mən inanmadım, narahat olduğum üçün Cavad adlı oğlanla postları yoxlamağa getdik. Onu da bildirim ki, o vaxt rus qoşunlarının qabağını almaq üçün bir çox yerlərdə post-qərargahlar qurulmuşdu, sonradan tank isə onları bir çöp kimi dağıtdı, bir neçəsini yoxladıq hamı yüksək əhval-ruhiyyədə idi. Sanki hamı toya-bayrama hazırlaşırdı və bizə dedilər ki, Nemət, Etibar bizə dəydi və kömək gələcəyini bildirdilər. Maşınla indiki 20 Yanvar metrosuna çatanda dedilər ki, “Salyanski kazarma”lar tərəfdən atışma səsi gəlir. Biz təcili olaraq ora qayıtdıq və gördük ki, doğrudan da atəş açırlar.

Atəş səsinə yaxınlıqda yaşayan adamlar ayaqyalın-başıaçıq, alt paltarında evdən qaçıb gəlmişdilər və onlara da qorxmayın əsil güllə deyil deyib sakitləşdirirdilər. Mən qərara aldım ki, yaxına gedib əlimi tutum əgər güllə əlimi deşsə demək güllələr həqiqidir, əgər deşilməsə demək güllələr yalançıdır. O anda mən heç düşünmürdüm ki, qüllə mənim əlimə deyil, başıma da dəyə bilər və həqiqi güllədir, ölə bilərəm. Güllə açılan yerə yarım metr qalmış dostum Cavad mənim qolumdan tutub kənara çəkdi və təklif etdi ki, gedib xalq cəbhəsinə xəbər verək. Biz razılaşıb maşına oturduq və maşında mənə bildirdi ki, güllələr həqiqi imiş, soruşdum hardan bilirsən?—dedi ki, təcili yardım maşınında həkimlər kimi isə tikirdilər.

Biz maşınla Prezident Aparatının qabağına çatıb qaça-qaça kütləyə yaxınlaşdıqda cəbhənin rəhbərlərindən heç kəs orada yox idi. Biz vəziyyəti onlara başa salmaq istədik, lakin bizi şantajist kimi həbs edib o zamankı Oktyabr rayonunun (indiki Yasamal) Prezident aparatına yaxın olan qərargahına gətirdilər. İki saat sorğu-sual etdilər, guya kiməsə xidmət etdiyimizi öyrənmək istədilər. Sonra 2-30-da qərargahın rəhbəri Ülvi Həkimov gəlib çıxdı və məni görən kimi bu bizim aktivistdir, cəbhənin üzvüdür, dedikləri doğrudur, deyib bizi azad etdilər, guya ordakılar bizim həqiqəti dediyimizə inanmırdılar.

Cavad maşına oturan kimi məni evimizə aparmaq istədi, lakin artıq küçələrin əksəriyyəti rus qoşunları tərəfindən tutulmuşdu və bir neçə yerdə avtomatla bizə atəş açmaq istədilər. Dostum cəld maşını çevirib mənim tanımadığım yollarla yaşadığım sovetski məhəlləsinə gətirib çıxartdı və evimizə qədər mənimlə birgə gəldi, bildirdi ki, sən bu gün ölmək istəyirsən, mən buna imkan vermərəm. Kirayə qaldığım evə girən kimi bacımın və rəfiqəsinin ağladığını gördüm. Onlar məni görüb sevindilər. Mən qardaşımın və dostunun (onlar Salyanski kazarma tərəfdəydilər) evdə olmadığını görüb evdəkiləri sakitləşdirdim və onları tapmaq üçün evdən çıxdım. Məhəllədə yaşayan bütün insanlar küçələrin künc-bucağında gizlənmişdilər və baş verən hadisələri izləyirdilər.

Mənim heç kəsə bir söz demədən Olimpə tərəf getməyimi sakit qarşılaya bilməyənlər “qabaqda atırlar getmə deyib qışqırdılar”, lakin mən bir şey fikirləşirdim, birdən uşaqlar yaralı olar onlara kömək etməliyəm. Olimpə çatmağa az qalmış bir səs məni ayıltdı, bu qardaşım idi, əgər ölmüşəmsə səhər gəlib ölümü apararsan indi səni vurarlar qayıt. Mən geri qayıtmaq istəmirdim, lakin qardaşım dedi ki, tank onların gözləri qabağında böyük maşınları kitab kimi əzib keçdi biz gizlənib güclə canımızı qurtardıq. Sən orada boş əllə nə edəcəksən?

Məni güclə evə gətirdilər. Artıq gecə saat 3-30 idi, qardaşımın dostu da gəlib çıxmışdı. Heç birimiz danışmırdıq, nə edəcəyimizi bilmirdik, atışma səsləri lap yaxından gəlirdi. Bayira çıxmaq və evdə oturmaq da qorxulu idi, hamı tankların evləri dağıdacağından qorxurdu. Təklif etdim ki, yatmasaq da yerimizə uzanaq ən azından sakitləşərdik, beləliklə yatağa uzandıq.

Səhər açılmamış durub evdən çıxmaq istədim, qardaşım isə mənim öləcəyimdən (mənim çılğın olduğumu bilirdi) qorxub qapını kəsib məni evdən çıxmağa qoymurdu, yarım saat mübahisə, dava-dalaşdan sonra mən bildirdim ki, heç kim məni saxlaya bilməz, mən getməliyəm. Nəhayət evdən çıxdım, qatar Elmlər Akademiyası metrotansiyasına  çatmamış yolda gördüklərim məni dəhşətə gətirdi. Axşam mənim getmək istədiyim yerlərdə insan qanı vardı, hər tərəf qan gölməçəsiylə doluydu. Onu da deyim ki, bu yerləri uzun müddət qərənfillər bəzədi, heç bir maşın həmin yerlərdən keçmirdi.

Yolda tanklar dayanmışdı və rus mayoru dayanıb yoldan keçənlərə baxırdı, mən yaxınlaşıb onları rus dilində təhqir etməyə başladım və dedim ki, siz azərbaycan xalqının qatillərisiz. Dediyim hər bir təhqiramiz söz ona pis təsir edirdi, bizi zəbt(okkupasiya) etmisiniz, deyəndə gənclər mənim qabağıma keçdi və mənə “danışma, onlar səni həbs edərlər” dedilər. Mənsə heç nəyə fikir vermirdim, “artıq məni saxlaya bilməz” dedim.

Sonra ağlaya-ağlaya Prezident Aparatının qabağına getdim, hər yerdə tanklar, əli silahlı əsgərlər dayanmışdı və xalq aparatın qabağında cəbhənin başbilənlərini gözləyirdi. Üç dəfə tankı adamların üstünə sürdülər, insanlar vahimə içərisində idi. Sən demə bu zaman bir neçə adam tankın təkərləri altına düşüb ölən və yaralananlar vardı və bunları sonra bildik. Dəqiq yadımda deyil, təxminən gündüz saat 3-ə qalmış İsa Qəmbər gəlib xalqa müraciət oxudu, müraciətdə deyilirdi ki, xalq başqa mübarizəyə başlayır. Heç kəs işə çıxmayacaq, evdə oturacaq, o zamana qədər ki, cəbhə hökümətə verdiyi tələblərə cavab alacaq. Hamı meydanı tək etdi və qərargahı zəbt etdikləri üçün artıq bir-birimizlə əlaqə saxlamaq çətinləşmişdi və o zaman indiki kimi mobil telefonlar da yoxdu.

Buna baxmayaraq hər gün müxtəlif ünvanlarda görüşüb xalqa müraciətlər yazırdıq və sonra çətinliklə də olsa metroların qabağına yapışdırırdıq ki, xalq ruhdan düşməsin. Ayın 21-də sanki mən ayıldım, tanıdığım uşaqları görmək üçün həm xəstəxanaları, həm də meyitxanaları gəzdim, özümü döyüb ağladım. Düzünü deyim ki, gördüklərim məni dəhşətə gətirirdi, belə vicdansızlıq, qaniçənlik olarmı- deyə öz-özümə soruşurdum. Meyitxanalarda gördüyüm o cavanlar sonradan şəhidlər xiyabanında basırılmadı. Xəstəxanada yatan cəbhəçilərə sağalana qədər yemək-ərzaq daşıdım, istəklərini yerinə yetirirdim.

Yanvarın 22-də Şəhidlər Xiyabanında 78 şəhidi bütün xalqla birgə dəfn etdik və həmin gün mənim ağlamaqdan tutulmuş gözlərimdən yaş gəlmədi. Bütün xalq 40 gün matəm saxladı. Bu zaman o vaxtkı Kirov parkının (indıkı Şəhidlər xiyabanı) vaxtilə qəbirstanlıq olduğu məlum oldu. Oradan çıxan sümükləri ağ parçaya büküb iki qəbirdə basırdılar. Mən 40 gün şəhidlər xiyabanına gəldim, özümü onlara borclu sayırdım. Lakin iki gün ağladığım üçün artıq göz yaşlarım qurumuşdu, heç bir damcı belə gözümdən yaş gəlmədi, lakin heç kəs bilmirdi ki, mən hansı hissləri keçirirəm. Bir dəfə rus mayoru Şəhidlər Xiyabanında əsgərlərə havaya güllə atdırıb ora gələnləri qorxudurdu.. Mən onu başa saldım ki, bunu etmək olmaz günahdır, ölənləri təhqir edirsiniz. Onlar mənə qulaq asıb çıxıb getdilər. Mənim bəlkə də sarışın olmağım, rusa oxşamağım onları inandırırdı, inanmıram ki, onlar kimə isə qulaq asırdılar.

O vaxt belə bir xəbər də çıxdı ki, ölənlərin çoxunu gəmi ilə Nargin adasına apardılar, bizim başqa gəmilər onun qabağını kəsib buraxmadığı üçün sahildə dayanan tanklar gəmilərə atəş açdı və onları sıradan çıxartdı. Biz dostlarla iki-iki sahildə gəzib baş verənləri rəhbərlərə çatdırırdıq, üstəlik də gizlicə vərəqələr yayırdıq. Özümüzü elə göstərirdik ki, guya gəzməyə çıxmışıq, lakin əslində biz mübarizə aparırdıq.

Bir dəfə axşam saat 8-ə qalmış mən avtomat telefondan zəng etməyə çıxmışdım. Bir də onu gördüm ki, bir rus əsgəri mənə yaxınlaşdı, avtomatı mənə söykədi, əlini tətiyə qoymuşdu. Istədim soruşum ki, nə baş verib, lakin gördüm ki, yoldan bir kolon keçir, bir tank qabaqda, bir tank arxada 100-dən artıq (əli silahlı, xüxusi geyimli) əsgərlər ortada gedir. Özümü məşğul göstərib sakitcə dayandım, onlar uzaqlaşan kimi soldat silahını çəkib getdi. Bir dəfə avtobusda işə gedərkən saxlayıb bizi yoxlamağa başladılar. Mən hay-küy salıb onlarla dalaşmağa başladım. Iş yoldaşlarımdan biri dedi ki, deyəsən sən ölümündən qorxmursan, ancaq biz qorxuruq sakit ol, evimizə sağ-salamat gedib çıxa bilək.

Bu hadisələrdən sonra mən anladım ki, yeri-göyü idarə edən varlıq var, dəfələrlə ölümdən qurtardığım üçün alın yazısına inandım. Deməli mənim ölümüm hələ yazılmamışdı, bunlar təsadüf ola bilməzdi. Məni yaxından tanıyanların çoxu Şəhidlər Xiyabanındakı basırılan şəhidlərin içindən məni axtarmışdılar. Hadisələrdən 25 il keçməsinə baxmayaraq hələ də hadisələri unuda bilmirəm. Biz müstəqil dövlətik, sərvətlərimizin sahibi özümüzük. Çoxlarımız istədiklərimizə nail olmasaq belə Azərbaycan müstəqil siyasət yeridir və onun dünyanın hər yerində sayırlar.

Qoy indiki gənclər bilsin ki, müstəqilliyimiz asanlıqla əldə edilməyib, onu qorumaq lazımdır. Mən bizim prezidentimiz cənab İlham Əliyev başqa dövlət başçılarıyla görüşərkən öz iradəsini ortaya qoyub sözünü deməsindən qurur hissi keçirirəm. 24 il keçməsinə baxmayaraq hələ də erməni daşnaklarının əlində qalan torpaqlarımız azad olunacaq günü gözləyir. Məncə ermənilərə inanmaq olmaz, orduyla birgə bizlər də döyüşüb torpaqları geri almalıyıq. Inanıram ki, Azərbaycan xalqı buna qadirdir!

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s