Londonda magistr olan tələbə ilə MÜSAHİBƏ


 Namiq

Hər vaxtınız xeyir olsun, dəyərli oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) artıq başa çatmışdır və yekun vurmaq vaxtı gəlib çatmışdır. DP çərçivəsində müsahibə mərhələsindən uğurla keçən növbəti tələbə ilə müsahibəni təqdim edirəm. Əgər sizin də tanığınız tələbələr varsa, mənimlə əlaqə saxlaya bilərsiniz (şərhlər bölməsində). Gəlin müsahibimlə yaxından tanış olaq.

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

— Salam. Adım Namiq, soyadım Quliyevdir. Təhsilimə Nərimanov rayonu 45 saylı orta məktəbdə başlamışam. 2005-ci ildə Azerbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültəsinə daxil olmuşam. Oranı bitirdikdən sonra hərbi xidmətə yollandım və təhsilimdə bir illik fasilə yarandı. 2011-ci ildə qiyabi maqistratura təhsili aldığım müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi müsabiqədən keçərək Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində işləməyə başladım. Təbii ki, stajımın məhz ixtisasımla sıx bağlı olan bir dövlət orqanında başlamasının öz üstünlükləri var idi. Bu sahəni həm dərindən öyrənir, həm də təcrübə qazanırdım. Lakin bununla kifayətlənmək də olmazdı və mən özümü inkişaf etdirməli idim. Məqsəd qoydum təhsilimi xaricdə davam etdirim. Mən Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin yaratdığı Komissiyadan müsbət rəy alaraq xaricdə oxumağa yollandım.

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

— Əslində fikrimdə iki ölkə var idi: İsveçrə və İngiltərə. Yüksək təhsil sistemindən əlavə bu iki ölkə nədənsə məni özünə daha çox cəlb edirdi. Lakin seçimim İngiltərə oldu. Fikirləşdim ki, bu ölkədə imkanlar daha genişdir və öyrənəcəklərim də daha çox olacaq. Aldığım təhsil və təcrübə qərarımda yanılmadığımı göstərdi.

— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

— İxtisas kimi “Maliyyə”ni seçdim. Bu istiqaməti işlədiyim və gələcəkdə işləmək istədiyim sahələri nəzərə alaraq seçdim. Universitet seçimində isə tələsmədim. Çünki, artıq bir neçə universitetdən qəbul almışdım və düzgün qərar vermək lazım idi. Onların içərisində məni daha çox “Queen Mary University of London” cəlb edirdi. Həmin il “The Guardian” jurnalının sıralamasına əsasən bu Universitet İqtisadiyyat üzrə Birləşmiş Krallıqda top 5-likdə yer alırdı. Ümumilikdə isə dünyanın ən yaxşı 100 universiteti içərisində idi. Digər bir üstünlüyü isə onun paytaxt Londonda yerləşməsi və Londonun ən böyük tələbə şəhərciyinə (campus) malik universitet olması idi. Bu amilləri nəzərə alaraq elə həmin universitetə də getmək qərarına gəldim.

— Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

— Müsahibə yaxşı keçdi. Təxminən 15 dəqiqə çəkdi və üç komissiya üzvünün iştrakı ilə baş tutdu. İlkin olaraq niyə məhz bu ölkə və bu istiqamət olması barədə suallar verildi. Daha sonra bakalavr təhsilim və ixtisasımla bağlı suallara keçdilər. İxtisas haqqında suallar belə idi: iqtisadiyyata dövlətin müdaxiləsi haqqında hansı nəzəriyyənin olması (cavabım isə Keynsin nəzəriyyəsi oldu), iqtisdiyyatın hüquqi tənzimlənməsi dedikdə nə nəzərdə tutulur, dövlətin iqtisadiyyata müdaxiləsi lazımdır mı (cavabım belə idi ki, baxmayaraq ki iqtisadiyyatda «görünməz əl» termini var, hansı ki iqtisadiyyatin özü özünü tənzimləməsi mənasını daşıyır, lakin bu prosesin özü özlüyündə müəyyən vaxt aldığını demişdim və əlavə etmişdim ki, iqtisadi böhran zamanında iqtisadiyyati başlı başına buraxmaq daha riskli ola bilər və ona görə də bu tənzimləməni sürətləndirmək üçün dövlətin iqtisadiyyata müdaxiləsinin lazım olduğunu qeyd etmişdim), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin neçənci ildə yaranıb.

Suallar  həm Azərbaycan, həm də İngilis dillərində verilirdi. İxtisas sualları bitdikdən sonra işlədiyim sahə ilə bağlı da bir neçə sual verdilər. Sonda isə irad və təkliflərimin olub olmaması soruşuldu.

— Müsahibənin cavabı nə vaxt bəlli olur?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

— Müsahibə cavabının məlum olması bir neçə gün çəkdi. Müsbət cavabı isə səhər tezdən elektron ünvanıma gələn məktubdan sonra aldım. Profilimi yoxladım və sənədlərimin Prezident Administrasiyasına göndərilməsi ilə bağlı statusu gördüm. Çox sevindim.

Oxuculara tövsiyyəmə gəldikdə isə onu deyə bilərəm ki, müsahibəyə hazırlaşarkən nəzərə almaq lazımdır ki, veriləcək suallar əsasən keçdiyin ixtisasla bağlı və həm də təhsilini davam etdirmək istədiyin sahə ilə bağlı olacaq. Təbii, namizədin dünya görüşünü müəyyən etmək üçün də bəzən bir-iki kənar suallar verilə bilər. Buna görə də yaxşı olar ki, namizəd baş verən son yeniliklərdən də az-çox məlumatlı olsun.

-DP haqqında bir çoxları tərəfindən narazılıq ifadə olunur. Hətta ABŞ Dövlət Departamentinin  2014-cü ilə olan “İnsan haqları” hesabatında DP-nin bəzi hallarda qərəzli olmağı və siyasi mənsubiyyəti nəzərə aldığını qeyd edilib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

— Düşünmürəm ki, hazırda narazılıq ifadə edilə biləcək ciddi bir hal olsun. Əksinə hər il xaricə yüzlərcə tələbə göndərilir. Onlar içərisində mənim dostlarım və tanıdığım insanlar da var. Əgər kiminsə haqlarının pozulması ilə bağlı bir hal varsa belə həmin şəxs haqqını tələb etməli, lazım gələrsə Komissiyaya müraciyət edərək araşdırma tələb etməlidir. Çünki hər müsahibədə video çəkiliş olur. Bu isə əyani sübutdur. Mən demirəm ki, bizdə hər şey ideal vəziyyətdədir, lakin əvvəlki dövrlər ilə müqayisədə çox irəlləyiş var. Digər tərəfdən, göndərilən hər bir tələbə də özü-özlüyündə dərk etməlidir ki, onlar öz vətəninin təmsilçisidir və öz dövlətlərini layiqincə təmsil etməyə borcludurlar. İstər müxtəlif tədbirlərdə, istərsə də təhsil aldığı təhsil ocaqlarında dövlətçilik prinsipinə sadiq olmalıdırlar.

— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək təhsilinizdə sizə uğurlar!

— Çox sağolun.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s